İcbari tibbi sığortadan necə istifadə etmək olar?

Hörmətli vətəndaş!
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.


Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.

Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə

Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.


Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Siz Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.

Təcili və təxirəsalınmaz hallarda icbari tibbi sığortadan istifadə

Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə Agentlik tibbi xidmətin dəyərini qarşılayır.

Xidmətlər Zərfi nədir?

Vətəndaşlara tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər Zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu adlanır.

Sizə lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu aşağıdakı elektron axtarış sistemi vasitəsi ilə müəyyənləşdirə bilərsiniz.

Sıra № Tibbi xidmətin növü Tibbi xidmətin adı Qeyd Qiyməti

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. 

İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Davamını gör
1542 cagri merkezi İcbari tibbi sığorta ilə bağlı hər hansı sualınız yaranarsa "1542" Çağrı Mərkəzinə zəng edin. Bütün yerli mobil operatorlarından və şəhər telefonlarından zənglər pulsuzdur.

Suallarınızı həmçinin sosial şəbəkələrdəki səhifələrimizə ünvanlaya bilərsiniz.